Bakıda kirayə evlər niyə bahalaşır? - ARAŞDIRMA

Paytaxtın kirayə bazarında durğunluq yaşanır. Bakıda aparılan söküntü işləri kirayə bazarında qiymət artımı nəticələnib.

 

APA TV-nin xəbərinə görə, "Elmlər Akademiyası" metrosunun ətrafında aylıq kirayə haqqı 280 manat olan 1 otaqlı ev indi 330 manatadır, "Gənclik" metrosunun yaxınlığında 1 otaqlı mənzilin kirayə haqqı isə 300 manatdan 350 manata qalxıb. "İnşaatçılar"da kirayə haqqı 240 manatdan 300 manata, "Qara Qarayev"də isə 250 manatdan 280 manata yüksəlib.

 

Qiymət artımının səbəbinə gəlincə, əmlakçı Təmsil Məmmədov bildirib ki, pilot layihələrinin icrası ilə bağlı kirayə mənzil bazarında qıtlıq yaranıb. Bundan əlavə, yeni mənzillərin baha olması vətəndaşları daha çox köhnə mənzillərə yönəldir. Bu da tələbatı artırır: "Paytaxtın müxtəlif rayonlarında iki və daha çox mərtəbəli binaların söküntüsü kirayə bazarında qiymət bahalaşmasına səbəb olub. Kirayələri elə qiymətlərə təklif edirlər ki, 2 otaqlı mənzillər 250-400 manat arasında dəyişir. Əşyalı evlərin qiyməti paytaxtın Nizami, Xətai rayonlarında 350-400 manat arasında dəyişir. Yeni tikilmiş binalarda isə kirayə mənzillərin qiyməti 450-500 manat təşkil edir ".

 

Mənzilləri satan çox, alan azdır: "Alqı-satqı bazarında durğunluqdur. Bundan əvvəl ilə 5-6 mənzil sata bilirdik. Aylarla dayanıb bir mənzil sata bilmirik. Demək olar ki, həm bina, həm də həyət evlərinə tələbat azalıb".

 

Məsələyə münasibət bildirən "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, kirayə qiymətlərinin artması vaxtilə kirayə verilən köhnə mənzillərin pilot layihələr çərçivəsində sökülməsi ilə bağlıdır. Həmin mənzil sahiblərinin kirayə mənzil bazarına üz tutması nəticəsində tələb təklifi üstələyib. 

 

O qeyd edib ki, ilin əvvəlindən ilkin mənzil bazarında qiymətlər 9,5 faiz artıb. Torpaq bazarında 2,72 faiz, kommersiya obyektləri bazarında 0,36 faiz, bu obyektlərin icarəsi bazarında 4,75 faiz artım müşahidə olunub. Eyni zamanda ilin əvvəlindən ikinci mənzil bazarında qiymətlər 1,63 faiz azalıb.

 

Ekspertin sözlərinə görə, ay ərzində ilkin mənzil, torpaq, eləcə də kommersiya obyektlərinin icarəsinin qiymətləri qalxıb: “Fevral ayında ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, torpaq bazarında 1,99 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,83 faiz artıb. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ikinci mənzil bazarında qiymətlər 2,13 faiz, mənzil icarəsi 4,2 faiz, kommersiya obyektləri bazarında 3,69 faiz azalıb”.

 

İqtisadçı ekspert Samir Əliyevin isə deyir ki, Azərbaycanda manat dəyər itirəndən sonra ikirəqəmli inflyasiya başlayıb. Bu ilin yanvarında isə bu rəqəm 5,5 faiz təşkil edib, yəni birrəqəmliyə düşüb. Bu dəyişiklik özünü bilavasitə qiymət artımında büruzə verir.

 

Əmlak bazarına gəlincə, mütəxəssis qeyd edib ki, yeni tikililərin materialları xarici ölkələrdən gətirildiyindən, bu da bilavasitə yerli bazara təsir edir. 2015-ci ildən sonra yeni tikililərə tələbat xeyli azalıb: "İndi müəyyən bir sabitlik var bu əmlak bazarında. Əgər əhalinin tələbatı artarsa, bu, birbaşa qiymətlərə təsir edə bilər. 100-150 min manata satılan evlərə tələbat azalmağa başlayıb. Bundan aşağı qiymətə satılan evlərə tələbat həmişə olub və indi də var".

 

Samir Əliyevin sözlərinə görə, ümumilikdə 2018-ci ilin birinci rübündə daşınmaz əmlak bazarında 3-4 faiz artım gözlənilir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı