Şəkidə iki yol qəzası: 5 nəfər yaralandı
Şəki rayonu ərazisində baş verən iki yol qəzasında 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəki Rayon Polis Şöbəsindən APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol-nəqliyyat hadisələrindən biri Axundov prospektində qeydə alınıb. Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan Həmidovun idarə etdiyi “VAZ 21074” markalı, 90 FM 867 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkətdə olan Şəki rayon Aşağı Küngüt Kənd sakini, 1959-cu il təvəllüdlü Nəsrullayev Sahib Firuz oğluna məxsus “VAZ 21011” markalı, 55-BD-438 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü Ruslan Həmidov və Sahib Nəsrullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Şəki rayon polis şöbəsində araşdırma aparılır.
Digər yol qəzası isə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini, 1980-ci il təvəllüdlü Telman Məmmədovun idarə etdiyi “VAZ 21074” markalı, 05 BE 732 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarında olan ağaca çırpıb. Nəticədə sürücü Telman Məmmədov yüngül xəsarət alsa da, avtomobildə olan sərnişinlər - Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü Cavad Məmmədov, Ağstafa rayon sakinləri - 1987-ci il təvəllüdlü Səbuhi Əliyev və 1980-ci il təvəllüdlü Elmar Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Bu yol qəza isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırılır.