Qadının mobil telefonunu alıb qaçmaq istədi, polis yaxaladı
Bakıda qadının mobil telefonunu alıb qaçmaq istəyən şəxs çox uzağa gedə bilməyib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, paytaxt sakini olan bir qadın martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.
Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək qadına qarşı soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar. Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib.
Xətai RMİ-nin rəis müavini İlham Rzayevin sözlərinə görə, şöbədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Axundov Fərid Tələt oğlu olduğu müəyyən edilib. Onun üzərindən zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.