Lənkərandakı dəhşətli qəzada yaralanan azyaşlı da öldü - ÖLÜ SAYI 7-YƏ ÇATDI

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, 6 nəfərin öldüyü qəzada yaralanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun da həyatını xilas etmək mümkün olmayıb.

 

Azyaşlı bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, martın 31-də Lənkəranın Gərmətük kəndində "Shacman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb. Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən kəsilərək çıxarılıb.

 

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Cəfərov xəsarət alıb. Sürücü artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov