Bakı Baş Gömrük İdarəsi 350 min manatlıq dərman vasitələrini məhv etdi
Bakı Baş Gömrük İdarəsi tərəfindən normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə 2017-ci il ərzində müsadirə edilən dərman vasitələri ekoloji poliqonda məhv edilib.
APA TV-nin məlumatına görə, istifadə müddəti bitmiş dərman vasitələri müsadirə edilib aktlaşdırıldıqdan və yalnız Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyi alındıqdan sonra onların məhvinə qərar verilir.
Bakı Baş Gömrük İdarəsinin inspektoru Rövşən İsmayılov hazırda utilizasiya edilən və dəyəri 350 min manatdan artıq preparat və digər tibbi vasitələrin ölkəyə əsasən “Referans Pharmaceuticals”, “Radez”, “Loğman Farm”, “Si Medical”, “Zeytun Pharmaceuticals”, “Qırxbulaq”, “Eco-B Tam Xarici İnvestisiyalı”, “Trokas Pharma” şirkətləri tərəfindən idxal olunduğunu söyləyib: "Demək olar ki, iki-üç aydan bir bu tədbirlər keçirilir. Çünki olur ki, Azərbaycanda qeydiyyatda olmur dərman, keyfiyyət nöqteyi-nəzərindən cavab vermirsə, biz ancaq Səhiyyə Nazirliyinin mənfi rəyi əsasında onları məhv edirik".
R.İsmayılov həmçinin analoji tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.