Azərbaycan prezidenti Belarus baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Belarus baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

 

Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib.

 

Belarus baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycanla Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.

 

Dövlət başçısı öz növbəsində bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğuladı və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı