Aprel qələbələrinin ildönümünə həsr olunan tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərində qələbənin 2-ci ildönümünə həsr olunan tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, "ASAN Könüllüləri"nin və "Aprel 2016: Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

 

Tədbirdə aprel şəhidlərinin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbir çərçivəsində birliyin həmsədri Aida Eyvazlının "Aprel 2016: Şahidlər və Şəhidlər" kitabı da sərgilənib: "2016-cı ilin aprel ayından etibarən həmin şəhidlərimizin həyatını yazmağa başladım. Bir-bir bütün ailələrdə oldum, onların dərdləri ilə maraqlandım, dərdlərini bölüşdüm. Azərbaycanın bütün rayonlarını gəzdirdi bu şəhidlər mənə".

 

"Aprel 2016: Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin həmsədri Sevinc Alızadə qurumun məqsədləri barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd vətənin müdafiəsində iştirak edən döyüşçülərin tanıdılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, habelə gənclərin vətənpərvər ruhda tərbiyəsinə nail olmaqdır.

 

Daha sonra aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş olunub və tədbir bədii hissə ilə davam edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov