ABŞ və Çin arasında ticarət gərginliyi bazarı çalxalayır - NEFT KƏSKİN UCUZLAŞDI
Neftin qiymətlərində son iki ayın ən böyük ucuzlaşması qeydə alınıb. APA TV-nin məlumatına görə, səbəb iki supergüc - ABŞ və Çin arasında işartıları görünən ticarət müharibəsi səbəbindən imvestorların təlaşıdır.
APA TV-nin məlumatına görə, Çinin cavab olaraq ABŞ məhsullarına 3 milyard dollarlıq vergi qoyması dünyanın ən böyük iqtisadiyyatı olan bu iki ölkə arasında artan ticarət problemlərinin son həddi hesab olunur.
Mütəxəssislər bu problemin dünya iqtisadiyyatının böyüməsinə mane olduğunu və nəticədə neftə tələbatın azaldığını vurğulayır.
Digər tərəfdən ABŞ-ın neft ehtiyatları ilə bağlı bu gün açıqlanacaq rəsmi hesabatından öncə "Bloomberg" hesabat yayıb. Hesabata görə, ölkədəki xam neft ehtiyatlarının son altı həftədə beşinci dəfə artıb.
OPEC və hasilatı azaltmaq sazişinə imza atmış ölkələrin qiymətləndirmə siyasətinin ABŞ-da istehsalın artması ilə bağlı nəticəsiz qalacağı şübhəsi bazara ciddi təsir edir.
Hazırda "Brent" markalı neft 2 dollar ucuzlaşdıqdan sonra 67,73 dollardan satılır. Qərbi Texas markası isə 63,06 dollardan təklif olunur.