Mikayıl Cabbarov: "Dərsliklərdə qüsurlar var" - İRAD
"Bu gün dərsliklərin hazırlanması prosesində texnoloji baxımdan müəyyən qüsurlar var. Belə ki, dərslik hazırlanan kimi biz bunu təhsil sisteminə və məktəbə təhvil veririk".
APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın təqdimatında dərslikləri hazırlayan müəlliflərin daha çox həvəsləndirilməsinin vacibliyindən danışıb. Nazir bildirib ki, bu gün yalnız qalib dərslik müəllifinin hüququ tanınır, müvafiq qonorarlar ödənir. Onun sözlərinə görə, bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik olan müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir.
TQDK-nın sədri Məleykə Abbaszadə isə bildirib ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan işləri həyata keçirmək üçün təhsil heyəti gücünü birləşdirməlidir.
Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək. “Dərslik portalı” monitorinq, xəbərlər və müzakirə bölmələrindən ibarətdir.