Ali məktəblərdə "Vergilər mədəniyyəti" adlı yeni fənn tədris ediləcək

Azərbaycanın  ali təhsil müəssisələrində vergilər mədəniyyəti adlı yeni bir fənnin tədrisi nəzərdə tutulur. Bu fənnin tədrisində Vergilər Nazirliyinin  aparıcı mütəxəssisləri iştirak edəcək.

 

APA TV-nin məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində deyib.

 

O qeyd edib ki, bununla yanaşı təhsil ocaqlarında hazırlanan dərsliklər,  metodiki göstərişlər, vəsaitlərin hazırlanmasında Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı təmin olunacaq: "Bundan əlavə, ali təhsil ocaqlarında çalışan müəllimlər  təcrübə keçmək üçün Vergilər Nazirliyinin ayrı-ayrı layihələrində də iştirak edəcəklər.  Məqsəd ondan ibarətdir ki, biz müasir tələblərə cavab verən, kadrları hazırlayaraq, əmək bazarında rəqabətə davamlı olsunlar".

 

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əməkdaşlıq memorandumu 5 illik dövrü əhatə edəcək. Onun sözlərinə görə, memorandum işə götürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərə tutan yeni bir layihədir: "Bu layihə ali məktəblərdə xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə tələbələrin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin möhkəmləndirilməsi, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur".

 

Sonda Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova