Siyavuş Novruzov: "Tərif məsələsində deputatlar sıraya düzülürlər, amma..."
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 25 məsələ daxil edilib.
Qanun layihələrinin müzakirəsinə başlamazdan əvvəl deputat Siyavuş Novruzov xaricdə Azərbaycana qarşı iş aparanlardan söz açıb: "Bu günə qədər bir dənə də Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən adını azərbaycanlı qoyanlar Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirirlər. Belə çıxır ki, ermənilər artıq istirahət edə bilərlər, çünki artıq onların funksiyasını yerinə yetirən var”.
O qeyd edib ki, bu yaxınlarda Kölndə azərbaycanlıların 31 mart soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirdə də həmin şəxslərin təxribat cəhdi bunu sübut edib. Deputat əlavə edib ki, belə azərbaycanlılar sapı özümüzdən olan baltalardır: "Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir. Mövqeyinizi ortaya qoyun!”
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib ki, cəmiyyətin hər bir üzvü belə insanların cavabını verməlidir: “Bu dərəcədə tərbiyəsizliyə dözmək mümkün deyil. Həmin şəxslər ölkədəki sabitliyi pozmaq istəyirlər. Ona görə də buna imkan vermək olmaz”.
Parlamentin İntizam komissiyasının sədri Ağacan Abıyev də çıxışında bu məsələyə sərt münasibətini bildirib: “Azərbaycan həmin şəxslərdən imtina etməlidir. Onlar Azərbaycanı sevmirlər. Azərbaycandan danışırlarsa, inkişafdan danışsınlar. Onlar öyrədilmiş və ya aldadılmış insanlardır”.
Deputat Novruzəli Aslanov xaricdə Azərbaycan hökuməti əleyhinə iş aparanları “ünsür” adlandırıb.
Deputat Elmira Axundova deyib ki, mübarizəni kişi kimi aparmaq lazımdır.
Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd edib ki, bugünkü radikal müxalifət gizli və ya açıq şəkildə bugünkü iqtidarın yanında olub, hakimiyyətdən yetərincə xeyir görüb: “Bir nəfər mənə göstərsin ki, o, iqtidarın xeyrini görməyib. Deputat mandatı alanı da olub. İqtidardan qovulandan sonra isə qəhrəman, radikal müxalifət olublar. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilər? Heç biri cürət edib bəyan edə bilməz”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə prezidentinin və Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir: “Bu məsələdə həmrəy olmalıyıq. Azərbaycanlı olmağın tək şərti burada doğulub böyümək deyil. Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar. Avropada da hazırda Azərbaycanın milli-mənəvi maraqlarından uzaq olanlar var”.
Parlamentin sədri Oqtay Əsədov deyib ki, xaricdə yaşayan və Azərbaycana qarşı iş aparan bəziləri azərbaycanlı sayılmamalıdır: "Onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər. Xalqımız mərddir, mənəviyyatı olan xalqdır”.
Spiker bildirib ki, deputatlar məsələ ilə bağlı fikirlərini mətbuat və televiziya vasitəsilə çatdıra bilərlər.