Əbülfəs Qarayev şimal- qərb bölgəsinin sakinləri ilə görüşdü
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şimal-qərb bölgəsində vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, nazir Şəki şəhərindəki Olimpiya İdman Kompleksində Mingəçevir, Naftalan şəhərlərindən və Şəki, Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından olan sakinləri və mədəniyyət sahəsində çalışanları qəbul edib. Müraciətlərin əksəriyyəti yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, yeni musiqi məktəblərinin və klubların açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Bir çox məsələ yerində həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq, aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.