Fəzail Ağamalı: "Maliyyə Bazarlarına Nəzarət Palatasında ikihakimiyyətlilikdir"

Milli Məclisin bugünkü iclasında Azərbaycanda yeni medalların təsis olunması ilə bağlı məsələnin müzakirəsi zamanı mübahisə yaranıb.

 

APA TV-nin xəbərinə görə, “Gəmiçilik sahəsində xidmətlərə görə” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medallarının təsis edilməsi zamanı deputat Fazil Mustafa ölkədə orden və medalların sayının artırılmasına etiraz edib.

 

O bildirib ki, Azərbaycanda orden-medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır: “Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? O cümlədən sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılmasını təşkil etməliyik”.

 

Spiker Oqtay Əsədov isə deputatın bu fikrinə reaksiya verərək bildirib ki, hər şeyi maddiyyata bağlamaq lazım deyil. Sədr əlavə edib ki, Azərbaycan parlamentinin 100 illiyi ilə də bağlı medal təsis olunacaq.

 

Öz növbəsində Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deputatın qəhrəman şəhərlə bağlı fikrinə cavab olaraq bildirib ki, bu yanlış iraddır: “Bu bizim tarixdir və tariximizə verilən qiymətdir”.

 

Deputat Siyavuş Novruzov deyib ki, hər bir  təltif insana, onun ailəsinə, gələcəyinə olan diqqətdir: “Fazil Mustafa təklif edir ki, medal əvəzinə pul verilsin. "Şöhrət" ordeninə görə nə qədər vəsait vermək lazımdır? Bunu necə müəyyənləşdirmək olar?”

 

Deputat Cavid Qurbanov isə sual verib ki, at yarışında at çapanda at sevinir, ya onu çapan: "Fərqlənən adamları fərqləndirmək lazımdır. Yəni bu insan neçənci yeri tutubsa, onu digərlərindən fərqləndirməyin bir forması olmalıdır”.

 

İclasda "Banklar haqqında" qanun layihəsi də müzakirələrə səbəb olub. Siyavuş Novruzov  qeyd edib ki, Azərbaycanda problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirilməlidir: "Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Müxtəlif kateqoriyalı insanlar bu prosesdə nəzərə alınmalıdır".

 

Deputat bildirib ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı qanun qəbul edilsə də, indiyə qədər bu sahədə dəyişiklik yoxdur: "Həmin məntəqələrdə 3-9 min adam çalışır, evinə çörək aparırdı. Bu biznesi da kimsə inhisara alıb. Bu məsələyə aydınlıq gətirilməlidir".

 

Deputat Fəzail Ağamalı deyib ki, bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur: “Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.

 

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı