Akkuyu Atom Elektrik Stansiyasının təməli qoyuldu - ƏRDOĞAN VƏ PUTİNİN İŞTİRAKI İLƏ

Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının 1-ci blokunun təməlqoyma mərasimi keçirilib.

APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsi ilə mərasimə qatılıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, AES istifadəyə verildikdən sonra Türkiyə istehlakçılarını ucuz və təmiz enerji ilə təmin edəcək: “Birinci blokun Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Stansiyanın istehlakçıların 10 faiz tələbatını ödəyəcəyi planlaşdırılır”.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün dünya Türkiyənin inkişafı və enerji sahəsində Türkiyə-Rusiya münasibətləri sahəsində tarixi bir hadisəyə şahid olur: “S-400, "Türk axını" və indi təməlini qoyacağımız Akkuyu Atom Elektrik Stansiyası iki ölkə arasında birgə layihələrdən bir neçəsidir. İki ölkə Suriyadakı terror təhdidi və toqquşmaların sona çatdırılması ilə bağlı da əməkdaşlıq edir. Türkiyə 2023-cü ildən etibarən nüvə enerjisi istehsalından istifadə edən ölkə olacaq. Enerji səbətimizi daha da sağlamlaşdıracağıq. Bu stansiya enerji təhlükəsizliyinə töhfə verərək iqlim dəyişikliyində də vacib rol oynayacaq”.

Akkuyu AES 1200 meqavatlıq 4 blokdan ibarət olmaqla 4800 meqavat gücə sahib olacaq. Stansiyanın istifadəyə verildikdən sonra Türkiyənin elektrik ehtiyacının təxminən 10 faizini qarşılayacağı bildirilir. Hazırda dünyanın 31 ölkəsində 450 AES-in fəaliyyət göstərdiyi, daha 55 stansiyanın isə inşa edildiyi qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv