Neftçalada şəhid İbrahim Mənəfovun medalı ailəsinə təqdim olunub
Neftçalada şəhid İbrahim Mənəfovun medalı ailəsinə təqdim olunub.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış ediblər.
Cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olan və rayonun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn edilən İbrahim Mənəfovun daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən İbrahim kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.
Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Möhsüm Mənəfov şəhidlərimizin xatirəsinə və ailələrinə göstərilən ehtirama, yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra şəhidin layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medal anası Yasəmən Mənəfovaya təqdim olunub. Sonra Seyidlər qəbiristanlığında şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov Aviasiya Akademiyasını bitirdikdən sonra Neftçala rayonundan hərbi xidmətə yola salınıb. O, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində bu il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalıb.