Gürcüstana gedən sürücülər, diqqətli olun! - SIĞORTA XƏBƏRDARLIĞI

DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Azərbaycandan Gürcüstana səfər edən nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edib.

 

İdarədən APA-ya bildirilib ki, Gürcüstanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb.

 

Bununla əlaqədar 1 mart 2018-ci il tarixdən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır. Əks halda, icbari sığorta müqaviləsi olmayan şəxslər Gürcüstan ərazisində 100 laridən 200 lariyədək cərimə oluna bilərlər.

 

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, sürücülər Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) ölkə ərazisində qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etməlidir. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov