Qazaxda avtobusla minik maşını toqquşdu - 1 ÖLÜ, 12 YARALI
Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
APA TV-nin qərb bürosunun xəbərinə görə, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusunun "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Qazax rayon sakini Ziyalı Zahid oğlu Orucov ölüb, 12 sərnişin xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ziyalı Orucovun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. Müayinə zamanı sərnişinlərin ciddi xəsarət almadıqları məlum olub və onlar evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.