Bakıda fotostudiyanı qarət edənlər yaxalandı

Nərimanov rayonunda paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, obyektin qapısını sındıran naməlum şəxslər oradan 35000 manat dəyərində avadanlıq oğurlayıblar.

 

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər - Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, obyektə dəstə üzvü C.Əlizadə və E.Qasımov daxil olub. Hadisə zamanı isə M.Qurbanov fotostudiyadan bir qədər kənarda dayanaraq, gəlib-gedənlər barədə digər dəstə üzvlərinə məlumat verməli imiş.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv