Abid Şərifov: "Bayılda uçan evlərin qiymətləndirilməsi "Sovetski"dəki kimi olmayacaq"
"Bayıl zonasında tikinti aparmaq olmaz". APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bəyan edib.
O bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib və istər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu qəti qadağandır.
A.Şərifov deyib ki, Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək. Kompensasiya hər ev üçün kvadrat metrə uyğun hesablanacaq: "Ancaq qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda hər kvadrat metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".
Jurnalistlərin suallarını cavablandıran baş nazirin müavini qeyd edib ki, Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub. Onun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan, sonrakı məsələlər barədə məlumatsızam".