Lənkəranda yaşayış evi külə döndü: ana və qızı son anda xilas ola bilib
Lənkəranda yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 56 yaşlı Şəmar Nurəliyevaya məxsus 80 kvadrat metrlik birmərtəbəli, ikiotaqlı yaşayış evində gecə saatlarında yanğın başlayıb. Yanğın zamanı evdə Şəmar Nurəliyeva və onun qızı Aysel olub. Alov evin çıxış hissəsini əhatə etdiyindən, onlar evi pəncərədən tərk etməli olublar.
Ev sahibi Şəman Nurəliyeva pəncərədən özünü atarkən qolundan və ayağından yüngül xəsarət alıb: "Gecə idi, gördüm uşaq qışqırır, ana, qaçaq qırağa, evimiz yanır. Qapını açdım, gördüm alov daxil oldu evə. Paltarımı götürə bilmədim, özümü atdım pəncərədən həyətə, qolum əzildi. Bir anın içində gördüm evim alışdı, 100 nəfərəcən gəldi, heç kim əlac qıla bilmədi".
Ev bütün əşyalarla birgə yanaraq külə dönüb. Zərərçəkənin sözlərinə görə, yanğın zamanı evdə qızıl və pul da olub. Onları da götürmək mümkün olmayıb: "Pul, qızıl, telefonlar, ev, mebel, televizor, soyuducu - evdə nə vardı, hər şey yandı".
Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub, yanğın söndürülüb. İlkin məlumata görə, hadisə elektrik naqillərində yaranan qısaqapanmadan baş verib. Faktla bağlı araşdırma aparılır.