Elmira Axundova Anar Məmmədxanov haqqında kitab yazıb - TƏQDİMAT
40 yaşında dünyasını dəyişsə də, həyatı haqqında artıq üç kitab yazılıb.
APA TV-nin məlumatına görə, "Bakılı oğlanlar" komandasının kapitanı, sabiq deputat Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan növbəti kitabın təqdimatı olub.
"Anar Məmmədxanov. Kapitanın taleyi" adlı yeni nəşrin müəllifi yazıçı-publisist, əməkdar jurnalist, deputat Elmira Axundovadır. O bildirib ki, kitab üzərində 2 il çalışıb. Çünki nəşrdə Anarın yüzə yaxın dostunun, tanışının xatirələri yer alıb. Elmira xanım daha bir təşəbbüslə çıxış edib: “Mən çox istərdim ki, Azərbaycanda, Bakıda Anar Məmmədxanov adına küçə olsun. Onun evinin qarşısında bir büst qoyulsun, adına məktəb olsun. Çox istərdim ki, bu əfsanəvi oğlanın adı əbədiləşsin”.
Gecədə daha bir kitabın - “Anar Məmmədxanovun lətifələri” adlı toplunun təqdimatı olub.
Həyat yoldaşı İradə xanım deyir ki, Anar Məmmədxanov haqqında yazılan hər bir kitab onu yeni baxışdan tanımağa imkan verir: “Anarın obrazı çox maraqlıdır. Mən hər dəfə Anara kənardan baxmağa çalışıram. Obrazı solğunlaşmır, əksinə, daha da kəskin rənglərdə görünür”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Anar Məmmədxanovu yaxşı təşkilatçı, parlaq şəxsiyyət kimi qiymətləndirib: “Çox gənc getdi. Heyf ki, ömrü az oldu. Yaxşı işlər görə bilərdi. Gənc olmasına baxmayaraq, millət vəkili idi. Həmişə çox yaxşı təkliflərlə çıxış edirdi. Xatirələr çoxdur. Çünki yol yoldaşı olmuşuq. Yaxşı təşkilatçı idi. O zaman mən mədəniyyət naziri idim. Çalışırdım ki, ona həmişə kömək edim. Allah rəhmət eləsin!”
Tədbir çıxışlarla davam edib. Gecənin aparıcısı, əməkdar artist, “"Bakılı oğlanlar” komandasının keçmiş üzvü Murad Dadaşov bildirib ki, Anar Məmmədxanov vəfat etsə də, onunla bağlı xatirələr yenidən hər kəsi bir araya toplayır.
Xalq yazıçısı Anar tədbiri göz yaşları ilə bayram adlandırıb. O, Anar Məmmədxanovu yaxından tanısa da, kitabın onu təəccübləndirdiyini bildirib. “Nəşrdə onun nə qədər parlaq şəxsiyyət olduğu aydın təsvir olunub” deyə o, qeyd edib.
Anar Məmmədxanovanın dediklərini adətən bacısı Naidə xanım qeydə alırmış. Tədbirdə bu xatirələr də yada düşdü. Bildirilib ki, yeni nəşr rus dilində işıq üzü görüb. Gələcəkdə Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulur.
Mərasimin davamında “Bakılı oğlanlar” komandasının keçmiş və indiki üzvləri Bəhram Bağırzadə, Tahir İmanov, Ənvər Mansurov, Cabir İmanov, Azər Məmmədzadə, Emil Abbasov çıxış ediblər. Ən yaddaqalan xatirələr yada düşüb. Məsələn, 1993-cü ildə məhz Anar Məmmədxanovun təşəbbüsü ilə komanda Ağdərədə əsgərlər qarşısında çıxış edib. Həmin tarixi anların unikal kadrları illər sonra əldə olunub. Gecədə həmin kadrlar ilk dəfə nümayiş olunub.
Tədbirin davamında “Bakılı oğlanlar” komandasının unudulmaz çıxışları yada salınıb, eləcə də məhz Anar Məmmədxanovun ən yaddaqalan çıxışları ilk dəfə təqdim olunub.