Qarabağın ilk komendantı: "Bu münaqişədə SSRİ-nin nə qədər tab gətirəcəyi sınaqdan keçirilirdi"

"Mən 1990-cı ilin dekabrında Dağlıq Qarabağı tərk etmişəm. Həmin dövrə qədər Xankəndindəki bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi".

 
APA TV-nin məlumatına görə, bunu Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, hazırda Rusiyada yaşayan general-mayor Vladislav Safonov Bakıda keçirdiyi mətbuat konfransında səsləndirib: "Həmin dövrdə Xankəndində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilirdi.  Vilayətdə yaşayan ermənilər mənim həyata keçirdiyim işlərə əngəl törətmək istəyirdilər. Hər yerdə silahlı insanlar gəzirdi. Mən təxribatların baş verməsindən çox ehtiyat edirdim".

 
Rus general vurğulayıb ki, münaqişənin alovlanmasına SSRİ-nin dağılması səbəb olub: "Münaqişənin geniş miqyasda alovlanmasına səbəb SSRİ-nin dağılması idi. Təkcə mən yox, həmin dövrdə orada olan hər kəs hesab edirdi ki, Qarabağ SSRİ-nin dağılmasında sınaq poliqonu rolunu oynayırdı. Bu münaqişə üzərində Sovet hakimiyyətinin nə qədər tab gətirəcəyi sınaqdan keçirilirdi. Orada baş verənlər təkcə SSRİ rəhbərliyinin deyil, eyni zamanda Azərbaycan hakimiyyətinin gücsüzlüyündən qaynaqlanıb".


Qeyd edək ki, V.Safonov DQMV xüsusi vəziyyət rayonunun komendantı vəzifəsini 1988-ci ilin mayından 1990-cı ilin dekabrınadək icra edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov