Daşkəsənə güclü qar yağıb

Daşkəsənə gözlənilmədən güclü qar yağıb. APA TV-nin qərb bürosunun məlumatına görə, uzun müddət idi mülayim hava müşahidə olunan rayona qəfildən qar düşüb.

 

Gecə və səhər yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb. Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıblar.

 

Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator, digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.

 

Rayonun yol istismarı strukturları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla quracaqlar.

Müəllif | Apa.Tv
Azər Məmmədli