Gəncəli "Samuray"dan avtomat və narkotik tapıldı
Gəncə sakini narkotik vasitə və odlu silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Qanunsuz vasitələrin bir qismi onun üzərindən, bir hissəsi isə evindən aşkar edilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 45 yaşlı şəhər sakini, əvvəllər məhkum olunmuş "Samuray" ləqəbli Həmid Arif oğlu Axundov saxlanılıb. Kəpəz rayon Polis İdarəsində baxış zamanı onun üzərindən 64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Həmid Axundovun yaşadığı şəhərin Zülfi Hacıyev küçəsi, ev 56 ünvanına keçirilən baxış zamanı mənzildə onun qanunsuz olaraq idman çantasının içərisində saxladığı külli miqdar təşkil edən 1565 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd AK-74 modelli "Kalaşnikov" avtomatı və həmin odlu silaha aid 30 ədəd 5,45 kalibrli patronların olduğu sandıqça aşkar olunub.
Faktla bağlı cinayət işi başlanıb. Həmid Axundovun barəsində həbs-qətimkan tədbiri seçilib.