Suriyadan gələn ERMƏNİLƏRƏ QARABAĞDA TORPAQ VERİLİB
Ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları “Kaşataz” adlı qondarma rayonunda Suriyadan gələn 31 erməni ailəsi məskunlaşdırılıb. APA TV-nin xarici agentliklərə istinadən xəbərə görə, onların ümumi sayı 105 nəfərdir. 24 ailə Zəngilan rayonunda, 7 ailə isə Laçın rayonundadır. Hazırda Zəngilanda Suriyadan gələn 17 erməni ailəsi ev və yaşamaq üçün bütün lazım şəraitlə təmin edilib. Laçında məskunlaşan erməni ailələr üçünsə evlərin tikintisinə gələn ilin aprel ayından başlanacaq. Suriyalı ermənilərin Qarabağda məskunlaşdırılması üzrə proqrama əsasən, gələn ilin aprel ayında üç ailəyə iki mərtəbəli evlər tikilərək veriləcək. Hələlik onlar müvəqqəti yaşamaq üçün otellərlə məskunlaşdırıb.
Bundan əlavə, Suriyadan gələn ermənilərin kənd təsərrüfatı işi ilə məşğul olması üçün Qubadlı rayon Xanlıq kəndi ərazisində 50 hektardan 200 hektara qədər torpaq verilib. Xanlıqda məskunlaşan ermənilər üçün əlavə olaraq 5 hektar meyvə bağları veriləcək. Bütün tikinti işləri Ermənistan dövləti, diaspor və xüsusi ilə "Kaşatax" adlı yardım fondu hesabına aparılır.