Türkiyə, Rusiya və İran prezidentləri birgə mətbuat konfransı keçirdilər - AÇIQLAMALAR
Türkiyə, Rusiya və İran prezidentlərinin iştirak etdiyi və Suriya məsələsinə həsr olunan Ankara zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları birgə mətbuat konfransı keçirib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PYD/YPG-yə qarşı sona qədər mübarizə aparacaqlarını bir daha bəyan edib:
"Türkiyənin "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları çərçivəsində Suriyada 4 min kv. km. ərazi terrorçulardan azad edilib. "Fərat qalxanı" əməliyyatı ilə azad edilən ərazilərə 160 min suriyalı qayıdıb".
Ərdoğan deyib ki, ölkəsində 3 milyon suriyalı qaçqın var:
"Tel Rıfat bölgəsini də suriyalılar üçün yaşanacaq hala gətirmək üçün Rusiya və İranla birgə əməkdaşlığa hazırıq".
O, həmçinin Suriyadakı qeyri-sabitliyin Türkiyəyə təsirsiz ötüşmədiyini vurğulayıb. Vladimir Putin isə ad çəkmədən ABŞ-ı Suriyanı parçalamağa çalışmaqda ittiham edib:
"Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Bəziləri Suriyanı parçalamağa, Yaxın Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır".
V. Putin qeyd edib ki, Şərqi Qutada yüz minlərlə insanın xilas edilməsi ilə bağlı bənzəri olmayan xilasetmə əməliyyatı həyata keçirilib.
Rusiya prezidenti Ankarada əldə olunan razılıqların Suriyada sülhün əldə edilməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
İran prezidenti Həsən Ruhani bölgədə əsas problemin terrorçuluq olduğunu, terrorçulara başqa ölkələrin təlim keçdiyi, maliyyə dəstəyi verildiyi, modern silahlarla təmin olunduğunu bildirib.
İran prezidentinin sözlərinə görə, terrorçular Suriya xalqına aid nefti satır, muzeyləri yox edib, tarixi əşyalarını bazara çıxarır:
"Bəzi dünya gücləri və başda ABŞ olmaqla istəyirdilər ki, İŞİD kimi terror təşkilatları bizim bölgəmizdə uzun illər qalsın, bundan yararlansınlar. Suriya və İraq xalqı dost ölkələr və millətlərin köməyi ilə bu planı pozdu".
Ruhani, Suriyada əldə olunan qismən atəşkəsdə Rusiya, Türkiyə və İranın əsas rol oynadıqlarını deyib.