Konsulluq xidmətindən narazı qalıb binanı yandırdı - İSVEÇDƏ

İsveçin paytaxtı Stokholmun mərkəzində Portuqaliya, Argentina və Tunis diplomatik missiyalarının yerləşdiyi binada yanğın olub.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 14 nəfər yüngül xəsarət alıb. Onların arasında xəstəxanaya yerləşdirilənlər də var.

Hadisə yerinə 12 yanğınsöndürən maşın və təxminən 50 xilasedici cəlb edilib, binada olanlar təxliyyə olunub. Yanğın tez bir zamanda söndürülüb.

Hadisənin Portuqaliya konsulluğuna gələn 50 yaşlı bir nəfər tərəfindən törədildiyi bildirilib. Məlumata görə, o, Portuqaliya konsulluğunun məsul şəxsi ilə görüşmək istəyib. Onun bu istəyi qəbul edilsə də, həmin kişi növbəsini gözləmə müddətində yanğın törədərək qaçıb.

Həmin şəxs saxlanılıb. Hadisəyə səbəb kimi isə konsulluğun xidmətindən narazı qaldığını əsas gətirib.

Müəllif | Apa.Tv
Apa.tv