İrana qarşı sanksiya təlaşı bazara təsir etdi - NEFTİN QİYMƏTLƏRİ STABİLLƏŞİR
Dünya bazarında xam neftin qiymətləri bahalaşmaqdadır.
APA TV-nin məlumatına görə, sutka ərzində "Brent" markalı neft 1 dollar ucuzlaşdıqdan sonra iki dollara qədər bahalaşıb. Hazırda 1 barel "Brent" nefti 68,34 dollardan təklif olunur. Qərbi Texas nefti də gün ərzində ciddi ucuzlaşmadan sonra yenidən dəyər qazanıb. WTI markasının sutkalıq minimum qiyməti 62,19 dollar olub. Hazırda isə 63,63 dollara satılır.
ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki satış məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,6 milyon barel azalaraq 425,3 milyon barelə qədər gerilədiyini açıqlayıb. Bu, yanvar ayından bu yana ən böyük azalmadır.
Bazarda isə ehtiyatların 1,4 milyon barel artması gözlənilirdi. Ötən həftə ehtiyatlar 1,6 milyon barelə yüksəlmişdi. Strateji neft ehtiyatlarında isə dəyişiklik baş verməyib.
Ölkədə həftəlik benzin ehtiyatları da 1,1 milyon barel azalaraq 238,5 milyon barelə enib.
ABŞ-da xam neft istehsalı son 12 həftədə 11-ci dəfə yüksəlib. İstehsal sutkalıq ortalama 27 min barel artmaqla 10,46 milyon barelə çatıb. Bununla da xam neft istehsalı rekord yeniləyib.
ABŞ neft ehtiyatlarının azalması və OPEC-in üçüncü ən böyük neft hasilatçısı İrana qarşı sanksiyalar tətbiq ediləcəyi bağlı təşviş qiymətlərə müsbət təsir edən amillərdir. Bu, ABŞ-da neft istehsalının artmasının bazarda yaradacağı təsirin qarşısını alıb.