Bakıda "Biomerieux" markasının mikrobioloji simpoziumu keçirilib
Aprelin 4-də "Pullman" hoteldə "Nesil Group" MMC-nin təşkilatçılığı ilə "Biomerieux" markasının mikrobioloji simpoziumu keçirilib.
APA TV-nin xəbərinə görə, simpoziumda 150-dən artıq qida və klinik laboratoriya müdirləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən "Türkiyə Biomerieux"-un baş direktoru Can Orhun şirkət haqqında məlumat verib: "Çox insanın "Biomerio" haqqında anlayışı olmaya bilər. Daha çox laboratoriyalarla işləyən bir firmadır. Xalqın bilmədiyi, ancaq xalqın sağlığı üçün çalışan, infeksion xəstəlikləri ilə mübarizədə lider olan bir firmadır. 10 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk. Bizim əsas sahəmiz mikrobiologiyadır. Mikrobiologiya da, belə demək mümkündürsə, tarladan başlayaraq xəstələnib müalicə olunana qədər bir çox nöqtədə bizə təsir edən bir mexanizmdir. Bu məsələyə də burada daha çox önəm verilməsi üçün məlumatlandırma işləri aparırıq".
Daha sonra "Türkiyə Biomerieux" firmasının uzmanları tərəfindən qida və klinik mikrobiologiya sahəsinin ən son yenilikləri haqqında geniş məlumat verilib.
Nesil Group MMC-nin rəhbəri Oktay Öztürk keçirilən simpoziumun önəmindən danışıb: "Bu gün bizim üçün çox önəmli bir gündür. Bu gün biz iki mövzu haqqında danışdıq. Onlardan birincisi qida təhlükəsizliyidir. Biz Avropa standartları çərçivəsində necə işləmək lazım olduğunu müzakirə elədik. İkinci hissədə də infeksiyaların mikrobioloji cəhətdən necə aradan qaldırılması istiqamətində danışdıq və onlara müəyyən məlumatlar verdik. Konfransa çox böyük maraq vardı. Bunun üçün Türkiyədən mütəxəssislər gətirdik, onlar da nə etmək lazım olduğunu həmkarlarına izah etməyə çalışdı".
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.