Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı başlayıb
Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.
APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Konfransdan əvvəl birgə foto çəkdirilib.
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat hazırda dünyada qeyri-müəyyənliklərin və çağırışların olduğunu, bəzi ölkələrin qəbul etdiyi qərarların digər dövlətlər üçün ciddi problemlər yaratdığını deyərək bildirib ki, həmin qərarların dünyaya müsbət təsir göstərməsi üçün prosesin özü dəyişməlidir.
Sonra Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu sammitindən ötən müddətdə dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən prezident İlham Əliyev Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyərək qeyd edib ki, Azərbaycan bu Hərəkata 2011-ci ildən üzv olsa da, bir neçə il öncə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən artıq təşkilatın dəstəyini hiss edib. Bu isə Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin göstəricisi idi.
Dövlət başçısı Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn pozulması ilə üzləşib, ərazilərimizin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub, 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib, ərazilərimizdə etnik təmizləmə siyasəti aparılıb, aralarında qadın və uşaqların da olduğu 613 nəfərin qətlə yetirildiyi və dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınan Xocalı soyqırımı törədilib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüququn normalarına uyğun həllinə dair Qoşulmama Hərəkatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələr qəbul etdiyini deyən Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, bu qətnamələrin həyata keçirilməsi mexanizmi yoxdur və Ermənistana qarşı sanksiyalar tətbiq olunmur.
Prezident İlham Əliyev bildirib ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi qeyd olunacaq və hələ 100 il əvvəl Azərbaycanda bir çox inkişaf etmiş ölkələrdən əvvəl qadınlara səsvermə hüququ verilib. Ölkəmizin regional inkişafda böyük rol oynadığını, qitələri birləşdirdiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm qovşağına çevrildiyini, Cənub Qaz Dəhlizi kimi mühüm beynəlxalq layihənin təşəbbüskarı olduğunu deyən dövlət başçısının sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzv ölkəsidir ki, “Ekspo 2025”ə namizədliyini irəli sürüb. Prezident İlham Əliyev üzv ölkələrin bu məsələdə dəstəyinin həmrəyliyin göstəricisi olacağını deyərək sonda konfransın işinə uğurlar arzulayıb.
Sonra nazirlər konfransına sədr seçkisi keçirilib.
Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçilib.