Azərbaycan prezidenti bir sıra qəbullar keçirib

Prezident İlham Əliyev Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunub.

  

Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İ. Daçiç əlaqələrimizin uğurla inkişaf etdiyini məmnunluqla ifadə edib.

 

Dövlət başçısı Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

  

Prezident İlham Əliyev Venesuela prezidenti Nikolas Maduronun ölkəmizə səfərini və beynəlxalq təşkilatlar çərçivəsində keçirdikləri görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb.

 

Xorxe Arreasa Monserrat isə Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirib.

 

Ölkə rəhbəri Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Qəbul zamanı əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu vurğulanıb, turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyəti qeyd edilib.

 

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon Honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Dövlət başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb, xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edib.
 

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon Ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı BMT Baş Assambleyanın 72-ci sessiyasının sədri Miroslav Layçakla da görüşüb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd