Əbülfəs Qarayev: "Cənub zonasına turist axını gözləyirik"

Bakıda “AITF-2018” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayıb.

 

APA TV-nin məlumatına görə, Bakı Ekspo Mərkəzində “bütün dünya - bir sərgi” devizi altında keçirilən sayca 17-ci “AITF” sərgisində bu il 20 ölkədən 277 şirkət və təşkilat iştirak edir.

 

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda daxili turizm sürətlə inkişaf edir. Hotel şəbəkələrində yerlər məhduddur. Bunu nəzərə alaraq ölkə prezidenti 3 ulduzlu, eləcə də daha münasib qiymətlər təklif edən yerləşdirmə komplekslərinin tikilməsi ilə bağlı konkret tapşırıq verib: “Ənənəvi olaraq İpək Yolu üzərində, şimal-qərb istiqamətində inkişaf nəzərdə tuturuq. Şəmkir, Gədəbəy, Qazax zonasına axın müşahidə olunur. Yay fəslində cənub zonasına axın gözləyirik”.

 

Sərginin açılışında iştirak edən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, Azərbaycanda turizmin inkişafı göz önündədir: “Düşünürəm ki, Azərbaycanda turizmi daha da inkişaf etdirmək üçün potensial var. Cənab prezidentlə görüşdə də əmin oldum ki, o,  turizm sahəsini  dəstəkləyir. Azərbaycanda infrastrukturun inkişafı  da turistlər üçün əlverişli imkanlar yaradır”

 

Sərgidə Azərbaycan, Gürcüstan, Dominikan, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşki Slatina (Sloveniya) və Stavropol Diyarının (Rusiya) turizm imkanları ilə yaxından tanış olmaq olar. Şərqi Yava (İndoneziya) isə sərgidə ilk dəfə iştirak edir.

 

Milli və regional stendlərdə kurort və sanatoriyaların, eləcə də turizm şirkətləri və hotel şəbəkələrinin nümayəndələri təmsil etdikləri ölkələr haqqında ətraflı məlumat verir, ziyarətçiləri maraqlandıran sualları cavablandırırlar.

 

Sərgidə ən böyük stendlə təmsil olunan ölkə isə qardaş Türkiyədir. Türkiyənin Azərbaycandakı səfirliyinin  mədəniyyət müşaviri  Dr. İrfan Çiftçi bildirib ki, 2017-ci ildə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında 50 faiz artım olub. Buna görə də turizm şirkətləri sərgiyə böyük maraq göstərirlər: “50-dən çox şirkət müraciət etmişdi, lakin biz yalnız 20 şirkət gətirə bildik. Daha çox azərbaycanlı turistin Türkiyəyə səyahət etməsini istəyirik. Biz bir neçə ildir ki, Türk Dünyasının Mədəniyyət  paytaxtı olan Kastamonu şəhəri  də daxil olmaqla, diqqəti özəlliklə Qaradəniz bölgəsinə yönəltmişik”.

 

Vurğulamaq yerinə düşər ki, məhz Türkiyə bu il həm də mədəniyyəti ilə diqqət çəkməyi bacarıb. Müxtəlif sənətkarlıq nümunələri, ebru sənəti, eləcə də musiqili proqram ziyarətçilərin marağına səbəb olub.

 

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

Müəllif | Apa.Tv
Nigar Həsənli