FHN Akademiyasında kursantlar üçün növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilib.

 

APA TV-nin xəbərinə görə, FHN Akademiyasının kursantları üçün keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

 

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.

 

Çıxış edən digər natiqlər qeyd ediblər ki, təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanmasıdır.

 

Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

 

Praktiki hissədə isə “zərərçəkmiş”lərin  hündürlükdən təxliyəsi,  şərti uçqun baş vermiş ərazidə axtarışı və xilası, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın  kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexniki qrup tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər hərəkətlər nümayiş olunub.

 

Təlimə 30 nəfər canlı qüvvə və 7 xüsusi nəqliyyat vasitəsi cəlb edilib, xüsusi təyinatlı xilasetmə alət və avadanlıqlardan istifadə olunub.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd