Bolqarıstanın Ruse şəhərində Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Bolqarıstanın Ruse şəhərində Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən foto-sərgi keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Ruse şəhərinin meri Plamen Stoilov tərəfindən təbrik məktubu ünvanlanan gecənin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova cari ildə Azərbaycanda bir sıra yubileylərin qeyd olunduğunu, Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100, Azərbaycan milli operasının 110 illik yubileyi ilə əlamətdar olduğu, müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun” operasının əsasının Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən qoyulduğu barədə qonaqlara məlumat verib.

 

Diplomat qeyd edib ki, 100 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin opera, balet, simfonik və orkestr musiqisi, kantata, uşaqlar və filmlər üçün musiqilər də daxil olmaqla 110 musiqi əsəri yaradıb.

 

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova xatırladıb ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında il ərzində dahi bəstəkarın 100 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilib.

 

Ruse şəhər merinin müavini İvan Qriqorov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

 

Sərgi çərçivəsində həmçinin bəstəkar barədə sənədli film nümayiş olunub və onun əsərlərindən ibarət seçmələr səsləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv