Xocalı polisi daşın altından silah-sursat aşkar edib - MÜHARİBƏDƏN QALMA

Xocalı polisi Goranboy rayonu ərazisində silah-sursat aşkar edib.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində daşla üstü örtülməklə torpağa basdırılmış şəkildə müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.

Tapılan silah-sursat arasında RQD-5, F-1 əl qumbaraları və alışdırıcıları, müxtəlif çaplı patronlar, avtomat darağı, kustar üsulla hazırlanan tapança var.

Silah-sursatın ötən əsrin 90-ci illərinin əvvəlində I Qarabağ müharibəsi zamanından qaldığı ehtimal olunur. Sözügedən ərazidə döyüş getdiyindən tapılan silah-sursatın o illərə aid olduğu istisna edilmir.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv