9-cu sinif şagirdlərinə ŞAD XƏBƏR
Gələn tədris ili üçün Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları ənənəvi olaraq, yanvar ayında “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. APA TV-nin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, bu ilin məzunları qəbul imtahanlarını ənənəvi olaraq iyul ayında verəcəklər. Ancaq 9 illik təhsillə bağlı şagirdlərin xeyrinə yeniliklər edilib: "Bu il buraxılış sinfində təhsil alan IX sinif şagirdləri orta ixtisas təhsili müəssisələrinə qəbul üçün əlavə imtahan verməyəcəklər. IX sinifdə buraxılış imtahanı verən şagirdlər həmin imtahanın nəticələrinə müvafiq olaraq, müsabiqə yolu ilə orta ixtisas müəssisələrinə qəbul olacaqlar. Burada biz buraxılış imtahanlarının nəticələrini əsas götürəcəyik".
Komissiya sədri qeyd edib ki, Azərbaycanda bütün ali təhsil ocaqlarının iki qrupa bölünərək adi və milli statusun verilməsi və onlara qəbulun hansı formada aparılması ilə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında birgə müzakirə aparılıb.
M.Abbaszadə bildirib ki, ali məktəblərin göstəriciləri komissiya tərəfindən Təhsil Nazirliyinə təqdim olunacaq.