Qubanın bu bölgəsi iki ildir yolsuz qalıb
Qubanın Afurca kəndinin yaxınlığında yerləşən Dürahi yaşayış məntəqəsinin sakinləri yolsuzluqdan əziyyət çəkir.
Sakinlərin APA TV-nin şimal bürosuna verdiyi məlumata görə, artıq iki ildir ki, yaşayış məntəqəsinə gedən yolu sel suları yuyub. Kənd sakinləri istirahət mərkəzinin ərazisindən özlərinə yol salıblar - əgər buna yol demək mümkündürsə.
Elə olur ki, yolda hərəkət mümkün olmur. Bir dəfə yanğınsöndürən maşın gəlib keçə bilməyib, bir dəfə də təcili yardım maşını: "Biz gedib-gələ bilmirik. Hərəkət demək olar ki, qeyri-mümkündür. Biz dərdimizi kimə deyək? Dayandığımız yer də sahibkarın yeridir, keçən il müvəqqəti yol kimi yer verdi. Biz öz hesabımıza yolu düzəltdik. Həmin yeri də sel gəlib apardı. İndi sahibkar da yer vermir. Müraciət etdiyimiz orqanlar da bizə köməklik göstərmirlər. Əvvəl maşını 6 aydan bir təmirə aparırdıqsa, indi hər həftə maşın təmirə gedir. "Niva"dan başqa heç bir nəqliyyat növü bura çıxmır. Kənddə xəstələr var, onları rayona həkimə aparanda burdan keçəndə ölümlə üzləşir, halı pisləşir. Xahiş edərdik aidiyyəti qurumlardan, kənd sakinlərinə yazığı gəlsin".
Sakinlər deyir ki, aidiyyəti qurumların hamısına müraciət ediblər. Amma hələ ki, bir nəticə yoxdur. 200 adamın yaşadığı məntəqəyə gedən yol hələ ki, təmir olunmayıb: "Biz demirik ki, asfalt eləsinlər, “şüşə” kimi etsinlər. Ağır xəstələr, yaşlı insanlar, hamilə qadınlar, ümumiyyətlə, gedib-gələ bilmirlər. Azyaşlı uşaqlar meşənin içi ilə hərəkət edirlər. Orda da vəhşi heyvan var. Təyinat veriblər, bir müəllim bura kimi piyada gəlir, burdan maşın tutub gedir. Belə olmaz axı, dərdimizi kimə deyək?"
Quba rayon İcra Hakimiyyətindən bildirilib ki, köhnə yol hazırda Vəlvələçayın yatağıdır. Vətəndaşların hazırda yol kimi istifadə etdikləri ərazi isə sahibkara məxsusdur. Həmin ərazidən yolun çəkilməsinə sahibkar razılıq vermir. Digər variant isə çayın kənarında beton bəndlərin çəkilməsidir ki, rayon icra hakimiyyəti bununla bağlı müvafiq qurumlara müraciət edib. Çünki bu işə külli miqdarda vəsait lazımdır, bu da rayonun imkanları xaricindədir.