Qəddafi-Sarkozi "işbirliyində" yeni detallar - CANLI ŞAHİD AÇIQLADI
"2005-ci ildə, hələ daxili işlər naziri olarkən Liviyaya səfər edən sabiq Fransa prezidenti Nikolya Sarkozi Müəmmar Qəddafidən seçkiqabağı kampaniyasına dəstək istəyib və sonuncu ilə bu məsələdə razılığa gəlib".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu M.Qəddafinin tərcüməçisi olmuş Mitfah Missuri açıqlayıb.
O deyib ki, danışıqlarda N.Sarkozinin seçkiöncəsi kampaniyasına 50 milyon avro ayrılması razılaşdırılsa da, sonradan M.Qəddafi məbləği 20 milyonadək azaldıb.
M.Missuri onu da bildirib ki, həmin məbləğin 5 milyonu Livan mənşəli fransız biznesmen Ziyad Takiddin tərəfindən maliyyələşdirilib. Mitfah Missurinin sözlərinə görə, Liviya liderinin N.Sarkoziyə dəstək verməsi Liviyanın sabiq neft naziri Şükrü Məhəmməd Qənimin qeydlərində də əks olunub.
Sözü gedən faktı 2013-cü ildən etibarən Fransa polisi araşdırır.
Qeyd edək ki, martın 20-də istintaqa cəlb olunan Nikolya Sarkozi ittihamları rədd edib.