Səlim Müslümov: "MSK bizdən gözdən əlillərin siyahısını istədi"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.

 

APA TV-nin məlumatına görə, görüşdə S.Müslümov bildirib ki, heç bir kənar müdaxilə olmadan, vətəndaş cəmiyyəti institutlarının öz seçimləri əsasında Şuranın 15 nəfərdən ibarət yeni tərkibi formalaşıb.

 

Nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

 

Səlim Müslümov qeyd edib ki, sosial sifarişlər əsasında xidmətlərin göstərilməsi 35 ixtisaslaşmış QHT ilə əməkdaşlıq müstəvisində yerinə yetirilir. Həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün 10 qeyri-dövlət qurumu nazirlikdəki müvafiq Komissiya tərəfindən akkreditasiya olunub. Nazirlik  müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir: “Əsas məsələ nazirliyin fəaliyyətinin əsas istiqamətləri üzrə şəffaflığın daha da artırılması, neqativ halların tamamilə aradan qaldırılması, ictimai nəzarətin gücləndirilməsi, eləcə də əhalinin ayrı-ayrı kateqoriyalar üzrə müraciətlərdə vasitəçilik rolunun artırılmasıdır. Bu gün o konturları cızıb ortaya qoyacağıq”.

 

Səlim Müslümov qarşından gələn prezident seçkilərində əlilliyi olan şəxslərin iştirakı ilə bağlı görülən tədbirlər barədə də məlumat verib: “Azərbaycanın 5000-dən çox seçki məntəqəsinin 1500-ə yaxınında əlil arabasından istifadə edən, amma səsvermə hüququ olan şəxslərin həmin məntəqələrdə səs verməsi üçün bütün şərait təmin olunub. Digər tərəfdən, MSK xeyli müddət öncə bizə müraciət elədi. Bizdən gözdən əlillərin siyahısını istədi. Biz elektron və həm də kağız formasında onlara təqdim elədik. Onlar əsasında “Brayl” əlifbası ilə seçki bülletenləri çap olundu”.

 

Hərəkət imkanları məhdud olan əlillər isə daşınan qutular vasitəsilə səs verə biləcəklər.

 

Görüşdə İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə üzvlük vəsiqələri təqdim olunub. 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli