Hərb Tarixi Muzeyində aprel şəhidlərinin əşyaları nümayiş etdirilib

Hərb Tarixi Muzeyində Azərbaycan Ordusunun aprel qələbələrinə həsr olunmuş "Dörd gün və danılmaz dörd həqiqət" adlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Müdafiə Nazirliyinin, hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın nümayəndələri, Qarabağ müharibəsinin veteranları, aprel zəfərinin iştirakçıları - polkovnik Qadir Vəlişov, Lələtəpənin düşməndən alınmasında şücaət göstərmiş polkovnik-Leytenant Ruslan Hacıyev, ehtiyatda olan polkovnik-leytenant Vüqar Abduləzimov, polkovnik-leytenant Vüqar Mirzəliyev, Talış yüksəkliyinin düşməndən alınmasında şücaət göstərmiş ehtiyatda olan baş leytenant Səməndər Manafov, Elşən Qarayev və digər idarə-müəssisələrin əməkdaşları iştirak edib.

 

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Azərbaycan aprel döyüşlərində heç vaxt öz torpaqlarının işğal altında qalması ilə barışmayacağını bütün dünyaya sübut edib: "2016-cı ildə Ermənistan silahlı qüvvələri hərbi təxribat törədərək, Azərbaycan torpaqlarına hücum ediblər, iriçaplı minomyotlardan, artilleriyadan bizim yaşayış məntəqələrini atəşə tutublar. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatı keçirdilər və düşmənə sarsıdıcı cavab verdilər. Düşmən böyük itkilər verərək, geri çəkildi, bu döyüşlər nəticəsində 2 min hektardan çox Azərbaycan torpaqlarını işğaldan azad etdilər".

 

Talış yüksəkliyində gedən döyüşlərdə şücaət göstərmiş polkovnik-leytenant Eldəniz Sadıqov həmin döyüşlərdən danışıb. Ordunun qüdrətindən bəhs edən polkovnik-leytenant zabit və əsgərlərin bir yerdə əzmlə döyüşdüyünü, bunun əsgərlərə ruh yüksəkliyi verdiyini deyib.

 

Daha sonra digər tədbir iştirakçılarının məruzələri dinlənilib.

 

Tədbirdə aprel zəfərinə həsr olunmuş sənədli film və mövzu ilə bağlı sərgi nümayiş olunub.

Müəllif | Apa.Tv
Almaz Qasımova