Prezident “AITF-2018” sərgisi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

 

APA TV xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.

 

Bildirilib ki, “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AITF-2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Eyni zamanda ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış olurlar. Sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il həmçinin Şərqi Yava (İndoneziya) sərginin debütantıdır.

 

“AITF” ilə birlikdə “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçirilir. “HOREX Caucasus-2018” regionun otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı