FHN Quba Soyqırımı Memorial Kompleksində elmi-praktik konfrans keçirib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil edilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə nazirliyin qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupu, gənc alim və tədqiqatçılar iştirak edib.

 

Ziyarətçilər ilk növbədə erməni vəhşiliyinin əyani sübutu olan kütləvi məzarlığa baş çəkərək faciə qurbanlarının məzarları üzərinə qərənfillər qoyublar, soyqırıma aid olan sənədli eksponatlarla tanış olublar.

 

Sonra Quba Soyqırımı Memorial Kompleksinin zalında “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Soyqırım qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunduqdan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov elmi-praktik konfransın işini açıq elan edərək, ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi qanlı müsibətlərə geniş nəzər salıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov XX əsrdə baş verən ən dəhşətli faciələrdən biri kimi tariximizə həkk olunmuş 31 mart - Azərbaycanlıların Soyqırımı gününün miqyası və coğrafiyası baxımından bu faciələrin içində ən amansızı, Qubada olan məzarlığın soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürü və tarixi gerçəklik olduğunu bildirib.

 

Fövqəladə Hallar Nazirliyi Aparatı Katibliyinin rəis müavini Ziya Hacılı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan xalqının qan yaddaşının bərpa olunması baxımından əhəmiyyəti rol oynadığını qeyd edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı, Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Qasımlı və digər natiqlərin geniş çıxışları ilə konfrans işini davam etdirib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd