Rusiyanın başının bəlası polkovnik Skripal komadan ayıldı

Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində qızı ilə birlikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal kritik vəziyyətdən çıxıb.

APA TV-nin xəbərinə görə, həkimlər onun müalicə tədbirlərinə yaxşı reaksiya verdiyini bildirib. 66 yaşlı sabiq polkovnik təxminən bir ay koma vəziyyətində idi.

Bir qədər əvvəl isə onun qızı Yuliyanın yaxşılaşdığı bildirilmişdi. Ancaq onun evə buraxılması barədə hələlik söhbət getmir. Eyni zamanda Britaniya Daxili İşlər Nazirliyi Yuliyanın səhhətinin yaxşılaşmasının onun Rusiya konsulluğunun nümayəndələri ilə görüşməsinə imkan verdiyini də açıqlayıb. Təbii ki, bu görüş onun özü istəyəcəyi təqdirdə mümkün ola bilər.

Qeyd edək ki, Skripalların zəhərlənməsi faktına görə Londonda hələ də rəsmi Moskva günahkar hesab olunur. Rusiya tərəfi isə yetərli dəlillərin olmadığını əsas gətirərək bu ittihamları rədd edir.

Müəllif | Apa.Tv
Apa.tv