ABŞ-da hasilat rekord həddə çatdı, OPEC razılaşması nəticə vermir - NEFT UCUZLAŞIR
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markası həftəni 67,55 dollardan başa vurub. WTI markası da dəyər itirərək, 62,36 dollar təşkil edib.
Hasilatın məhdudlaşdırılması razılaşmasına qoşulan ölkələrdə tədarük səviyyəsi 170 min barel azalaraq, sutkada 32,04 milyon barel təşkil edib ki, bu da OPEK+ ölkələrinin öhdəliyə əməl etdiyini göstərir.
Qiymətlərin mənfi dinamikasına ABŞ Enerji İnformasiya İdarəsinin gözləntilərin əksinə olaraq ölkədəki "qara qızıl" ehtiyatlarının yenidən artdığı ilə bağlı fikirləri, habelə artımın davam edəcəyi istiqamətində proqnozları təsir göstərir.
Belə ki, ölkədə hasilat həcmi rekord səviyyəyə çataraq, sutkada 10,46 milyon barel təşkil edib. Bununla yanaşı ixrac səviyyəsində də artım olub. Əgər vəziyyət bu cür cərəyan edərsə, qiymətlərdəki azalma növbəti həftə də davam edəcək.