Aprel döyüşlərinin ən gənc şəhidinin hekayəti - REPORTAJ

Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan Əlizaman  İslamovun  şəhidlik zirvəsinə ucalmasından iki il ötür.

O, aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib. Aprelin 2-də Tərtər rayonunun Talış kəndi istiqamətində erməni təxribatının qarşısını alarkən, 18 yaşında şəhid olub.

APA TV-nin Cənub bürosunun məlumatına görə, şəhid əsgər Əlizaman İslamovun anım mərasimi Lənkəranın Cil kəndində təşkil olunub. Mərasimdə Lənkəran kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər.  Tədbirdə bildirilib ki, aprel döyüşçüləri sırasında ən gənci olan Əlizaman İslamov 6 ay hərbi xidmətdə olmasına baxmayaraq düşmən üzərinə cəsarətlə getməyi bacarıb: "Aprel döyüşlərində şəhid olub vətən uğrunda gedib oğlum, vətən sağ olsun. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, şəhid analarına səbir diləyirəm, Allah hamısına səbir versin, Allah köməkləri olsun".

Ailənin yeganə övladı olan Əlizaman, uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Anası onun tək uşaq olduğu üçün ehtiyat hərbi hissələrdə qulluq etməsini istəsə də, lakin Əlizaman birbaşa döyüş bölgəsinə getməyi üstün tutur. Həmin döyüşlər zamanı o da hərbçi yoldaşları kimi azad olunan yüksəkliklərin qazanılmasında qorxmaz bir igid kimi vuruşaraq ali zirvəyə ucalıb: "Bizim şəhidimizə də vətənin müdafiəsi qismət oldu. Gedib öz borcunu yerinə yetirmək üçün vətənin müdafiəsinə qalxdı. Tale belə gətirdi ki, Vətən uğurunda şəhid oldu. Vətən ana deməkdi, vətən namus, qeyrət deməkdir. Hər kəsin borcudur ki, vətənini müdafiə etsin".

"Bu gün şəhidimizin iki ilidir. Aprel döyüşlərində şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun".

Şəhid Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə prezidentin, Ali Baş Komandanın sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv