Lənkəranda uşaq bağçası alışdı - QISAQAPANMADAN
Lənkəranda uşaq bağçasının yerləşdiyi 5 otaq və mətbəxdən ibarət olan bina yanıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında rayonun Vel kəndinin uşaq bağçasında baş verib.
Qəfildən başlayan yanğın 160 kv/m-lik binanı əhatə edib və qısa müddətdə binanın içindəki əşyalarla birlikdə yanaraq kül olub. Hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülərək əhatə dairəsinin genişlənməsinə imkan verilməyib. Bağçanın gözətçisi Mətləb Salmanovun sözlərinə görə, hadisənin elektrik naqilində yaranan qısa qapanmadan qaynaqlandığı ehtimal edilir:
"Həyətdə gəzirdim. Gördüm birdən alışma başladı. Qışqırıb qonşunu çağırdım. Pəncərəni qırdım girdim içəri, telvizoru çıxardım. Gördüm imkan yoxdur. Bunun da damı qamışdandır, köhnə tikilidir. Heç nə taxılmamışdı. Qısaqapanmadan olub, burada qaz yoxdur".
Qeyd edək ki, bina 1967-ci ildə tikilib və sonradan uşaq bağçası kimi fəaliyyət göstərib. Hadisə ilə bağlı araşdırma aparılır.