Masallı sakini həmkəndlisini bıçaqla öldürdü
Masallı sakini bıçaqlanaraq qətlə yetirilib. APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində baş verib.
Hələlik məlum olmayan səbəbdən həmkəndlilər arasında düşən davada 1970-ci il təvəllüdlü Urfan Həsənov bıçaqlanıb. O, ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti sonradan müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. Hadisəni törədən şəxsin isə artıq polis tərəfindən saxlanıldığı deyilir. Qətlin hansı şəraitdə baş verməsi hələ ki məlum deyil.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.