Neft yenidən bahalaşmağa başladı - İRAN AMİLİ
Dünya neft bazarında xam neftin qiymətləri ötən həftənin sonunda qeydə alınan qiymətlərə nisbətən bahalaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft şənbə günü ucuzlaşaraq 67 dollardan daha ucuz satılmağa başlayıb.
Birjaların yeni həftədə ilk iş günündə bu marka dəyər qazanıb. Hazırda "Brent" markalı neft 67,38 dollardan satılır.
Qərbi Texas nefti də şənbə günü dəyər itirərək 62 dollardan satılıb. Yeni həftədə isə bahalaşaraq 62,28 dollardan satılır.
Ötən həftənin qiymətlərə təsir edən səbəblərindən biri ABŞ-da fəal neft quyu sayının artmasıdır. 31 mart - 6 aprel tarixlərində fəal quyuların sayı 11 ədəd artıb. Bununla da fəal neft quyularının sayı 11 həftə ərzində 9 dəfə artmış olub. Hazırda ABŞ-da 808 quyudan neft çıxarılır.
Qiymətlərə təsir edən digər amillər OPEC və tərəfdarlarının istehsalı azaltmaqla bağlı razılaşmaya ciddi əməl etməsi, sazişin vaxtının uzadılması barədə fikirlərin səslənməsidir. Digər tərəfdən, ABŞ-ın OPEC-in üçüncü neft ixracatçısı İrana sanksiya qoyması, ABŞ-da İrana qarşı siyasətin güclənməsidir. Sanksiyalar İranın neft ixracına mənfi təsir edəcək.