Rusiya bəyan etdi: Suriyadakı hərbi bazanı İsrail vurub
İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) 2 ədəd "F-15" təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib.
APA TV-nin verdiyi məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlikdən bildirilib ki, İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.
"Al-Arabiya" telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir.
Qeyd edək ki, hadisədən sonra Suriya hökuməti ABŞ-ı ittiham edib. Lakin Pentaqondan Suriyaya hər hansı zərbə endirmədikləri bildirilib.