Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Milli Parka giriş bağlı olacaq
“2018 Formula-1” Azərbaycan Qran-prisinə iki həftədən bir qədər çox vaxt qalıb.
APA TV-nin məlumatına görə, artıq 6 km-lik Bakı halqasında nəqliyyatın və piyadaların hərəkətinin məhdudlaşdırılacağı və qadağan olunacağı ərazilər açıqlanıb:
Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, aprelin 23-ü gecə saat 01.00-dan etibarən mayın 1-i səhər saat 06.00-a qədər Bakı Şəhər Halqası ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: "Bu günlər ərzində İçərişəhər, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər, eləcə də BMT-nin 50 illiyi küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq. Bu ərazilərdə yaşayan və işləyən vətəndaşlara müvafiq məntəqələrdə xüsusi icazə sənədləri veriləcək”.
Birinci və ikinci zonalara yalnız gecə saat 00.00-dan səhər saat 06.00-a qədər, üçüncü zonaya isə gün ərzində daxil olmaq mümkün olacaq. İcazə nişanlarını aprelin 12-dən 23-dək əldə etmək mümkündür.
Bu il “2018 Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində bütün konsertlər Bakı Kristal Zalında keçiriləcək. Bununla bağlı aprelin 23-dən mayın 1-ə qədər paytaxtın Azneft meydanından Bayıl meydanına qədər olan ərazidə nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacaq. Əyləncə proqramlarına bilet alanlar üçün xüsusi avtobuslar ayrılacaq.
Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Milli Parkın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Yalnız bileti olan şəxslərin bu zonaya giriş-çıxışına icazə veriləcək: “Hazırlıqlar son yarış həftəsinə qədər davam edəcək. Şəhər tipli tras olduğuna görə bütün işlər mərhələli şəkildə görülür. Tribunalar artıq hazırdır. Son hazırlıqlar yollar tam bağlandıqdan sonra tamamlanacaq”.
Piyadalar yeraltı keçidlər və müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər.
İctimai nəqliyyata gəlincə, 5, 65 və 53 nömrəli avtobuslar səhər saat 06.00-dan gecə saat 04.00-dək, metronun "28 May" və "İçərişəhər" stansiyaları isə gecə saat 02.00-dək xidmət göstərəcək.
Qeyd edək ki, aprelin 27-29-da baş tutacaq “2018 Formula-1” Azərbaycan Qran-prisi zamanı bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.